Sizə daha keyfiyyətli xidmət göstərə bilməyimiz üçün bir neçə gün əvvəldən qəbula yazılmağınızı tövsiyə edirik.
Təqdim etdiyimiz xidmətlər haqqında ətraflı məlumatı burada tapa bilərsiniz.
Ürəkdə dörd ədəd qapaq mövcuddur - ürəyin sol tərəfində aort və mitral qapaq, sağ tərəfində isə pulmonar və trikuspid qapaqlar. Ürək qapaqlarının işi ürəyin işləmə fazasından asılı olaraq qanın ancaq müəyyən istiqamətdə hərəkətini təmin etməkdir. Məsələn, sağlam mitral qapaq qanın sol qulaqcıqdan sol mədəciyə doğru sürətli hərəkətini təmin edir və əks istiqamətdə, yəni sol mədəcikdən sol qulaqcığa doğru geri qayıtmasının qarşısını alır.
Qapaqlarda nasazlıqlar əmələ gəldikdə öz işlərini düzgün yerinə yetirə bilmirlər. Bu da nəticədə ürəyin ölçülərində böyümə, ürəyin əzələ gücündə (EF) azalma, şikayətlərin ortaya çıxması və vaxtında müalicə olunmadıqda ürək çatışmazlığı ilə nəticələnir. Qapaqlardakı nasazlıqları 3 qrupa ayıra bilərik:
• Çatışmazlıq - qapaq tam bağlana bilmir və qan qovulduğu boşluqdan geri qayıdır. Yuxarıda nümunə olaraq göstərdiyimiz mitral qapaq çatışmazlığında qan sol mədəcikdən sol qulaqcığa geri qayıdır.
• Darlıq (stenoz) - qapaq tam açıla bilmir və qanın sürətlə bir boşluqdan digər boşluğa sürətli keçidini təmin edə bilmir. Mitral qapaq darlığında qan sol qulaqcıqdan sol mədəciyə çətinliklə dola bilir.
• Çatışmazlıq və darlığın birlikdə olması - bu vəziyyət ürəyin daha çox zədələnməsinə və daha ağır şikayətlərə səbəb ola bilir.
Qapaq xəstəlikləri fərqli səbəblərdən inkişaf edə bilir. Ən çox rast gəlinən səbəblər miksomatoz qapaqlar (prolaps), revmatik qızdırma, anadangəlmə qapaq qüsurları və daha çox yaşlılarda olan qapaqların kirəclənməsidir.
Qapaq xəstəliklərinin xüsusi və adətən daha ağır, diaqnoz və müalicəsi daha çətin olan növü infeksion endokarditdir. Endokardit ürək qapaqlarının infeksiyalaşmasıdır. Əksər hallarda qapaq taylarının tamlığının pozulması ilə nəticələnir. Bu səbəbdən əsas müalicəsi cərrahi müdaxilə və antibiotik qəbuludur. Xəstəliyin düzgün diaqnoz və müalicəsində bu sahədə təcrübəli kardioloq və infeksion xəstəlikləri mütəxəssisinin birlikdə dəyərləndirməsi əhəmiyyətlidir.
Qapaq xəstəlikləri ilə əlaqədar xidmətlərimiz aşağıdakılardır:
• Erkən diaqnoz üçün exokardioqrafiya (ExoKQ) müayinələrinin müasir tələblərə uyğun keyfiyyətdə aparılması. Diaqnoz üçün bəzən bir neçə fərqli exokardioqrafiya müayinəsinə ehtiyac ola bilər - transtorakal ExoKQ (standart ExoKQ), transezofagial ExoKQ (qida borusundan ExoKQ), stress ExoKQ və s.
• Qapaq xəstəliyinin səbəbinin aydınlaşdırılması və gələcəkdə bənzər hadisələrin təkrar baş verməməsi üçün profilaktik tədbirlər
• Qapaq probleminin həlli üçün fərdi qaydada ən uyğun müalicə metodunun qərarının verilməsi - qapaq təmiri şansınızın dəyərləndirilməsi, mexaniki yoxsa bioloji protez qərarının verilməsi, açıq və ya qapalı müdaxilə qərarının verilməsi və s.
• Ürək damarları ilə əlaqədar açıq ürək əməliyyatı planlanan pasientlərdə orta dərəcəli qapaq xəstəlikləri üçün əməliyyata ehtiyac olub olmadığının müəyyənləşdirilməsi
• Qapaq xəstəlikləri zamanı qapalı yolla, damardan girilərək aparılan müdaxilələr (mitral qapağın balon valvuloplastikası, pulmonar qapağın balon valvuloplastikası, TAVI və s.)
• Əməliyyatdan sonra ömürboyu təqib və qapaq xəstəliyi və digər yanaşı ürəkdamar xəstəliklərinizə nəzarət (ritm pozunluqları və s.)
• Qapaq xəstəliyi ilə əlaqədar ehtiyac olduqda stasionar müalicə
• İnfeksion endokarditin diaqnostika və müalicəsi
• Koronar angioqrafiya və ürək kameralarının kateterizasiyası